Təqvim

"Ağbəniz və 7 cırtdan" adlı Yeni İl Şousu

Azərbaycan Gimnastika Federasiyası öz ənənəsinə sadiq qalaraq, bu il də sevimli tamaşaçılarına maraqlı və əyləncəli Yeni İl şousu hazırlamaqdadır.

Uşaqların həyəcanla gözlədiyi bu bayramı daha əlamətdar etmək üçün, şounun sujet xəttinin müəllifi bu dəfə Qrim Qardaşlarının məşhur “Ağbəniz və 7 cırtdan” nağılına müraciət edib.

Nağıldan da bilindiyi kimi, anası öldükdən sonra atası ikinci dəfə ailə həyatı quran Ağbəniz ögəy anasının himayəsində qalır. Elə Ağbənizin bütün əhvalatı da məhz buradan başlayır. Krallıq ailəsində vəziyyətin və maraqlı hadisələrin cərəyan edəcəyi, sonda isə xeyirxahlığın qalib gələcəyi tamaşada birlik və bərabərliyi təcəssüm etdirmək məqsədilə gimnastika növləri üzrə yığma komandaların üzvləri yenidən bir araya gələrək, öz məharətlərini sərgiləyəcəklər.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edəcək dinamik musiqilər və əlbətdəki şou iştirakçılarının gözöxşayan nümayişləri sizi əsl nağıllar aləminə səyahət etdirəcək. 

Odur ki, 23 dekabr tarixində Milli Gimnastika Arenasına gələrək, uşaqlarınıza unudulmayacaq Yeni İl şousunu hədiyyə edin.