Təqvim

Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə Təsnifat Yarışları

Yeniyetmələrin Olimpiya Oyunlarına gedən yol Bakıdan keçəcək.

Belə ki, 23 iyun tarixində Milli Gimnastika Arenası Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına ev sahibliyi etməyə hazırlaşır. Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.

İlin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar. Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Bu turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 10 manat təşkil edir.

Yarışlar haqda daha ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz.